Əlifba
Yeniliklər
Qonaq xəritəsi
Qonaq kitabı
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
Google
 
Birinci səhifə
 
 
 
 
Səməd Vurğun
 
Şerlər
 
Belələri də var
 
Göz aldadan bir su kimi,
Gah lal axar asta-asta.
Gah da mələr quzu kimi,
Ürək yaxar asta-asta...

Nə bir toya, nə bir yasa,
İstəməz ki, ayaq basa.
Adam ölüb, ev də yansa,
Durub baxır asta-asta...

“Yüz yol ölçər, bir yol biçər”,
Təmiz suyu üflər içər...
Dediyinin üstdən keçər,
Altdan çıxar asta-asta...

Özü qorxaq, cüssəsi dar,
Andını da tez unudar.
Sözlərini çeynər udar,
Hey udqunar asta-asta...

O “mərd” olar yaxşı vaxtda,
Çox danışar hünər haqda.
Çətin işdə, bərk ayaqda
Tez sıpıxar asta-asta...

Ürəyi buz, nəfəsi qar,
Üzdən gülər, üzdən yanar.
Az işləyib çox qazanar,
Ancaq tıxar asta-asta...

O aşkarda girər qına,
Qıfıl vurar öz ağzına.
Xəlvətdəsə ona, buna,
Ləkə yaxar asta-asta...

Nə yaradır, nə də qurar,
Yaradana ağız burar.
Quyu qazıb, tələ qurar,
Ev də yıxar asta-asta...

“Tilsimlidir o qəhrəman”,
Qan da axmaz yarasından.
Odun-suyun arasından,
Üzə çıxar asta-asta...
1953
 
 
 
Birinci səhifə
 
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
 
Copyright @ 2003-2007 Leyla Babazade. All rights reserved.