|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
![]() |
|||||||||||||||||
| Üç şahzadə | |||||||||||||||||
| 1 | |||||||||||||||||
| Biri var idi, biri
yox idi, bir padşah var idi. Bu padşah çox pul xərcləyib
oğlanlarını oxutmuşdu. Oğlanlar öz zamanlarının
dərslərini irəvan eləyib elm dəryası olmuşdular.
Günlərin bir günündə xəbər çıxdı
ki, oğlanlar dərslərini qurtarıb gəlirlər.
Di şəhər bəzəndi, dəsgah... Oğlanlar
gəldilər. Bir neçə gün keçəndən
sonra, padşah bir gecə böyük oğlunu yanına
çağırıb dedi: - Oğul, daha oxuyub dərsinizi qurtardınız, elə mən də qocalmışam, istəyirəm sabahdan padşahlığı verəm sənə, ortancıl qardaşını sənə vəzir, kiçik qardaşını da vəkil təyin eləyirəm. Oğlan doğrudan da çox ağıllı oğlan idi, dedi ki: - Dədə, mən təzə gəlmişəm. Bütün ömrümü qürbətdə keçirmişəm. Ona görə də camaatı, vilayəti necə dolandırmaq lazımdı, hələ bacarmaram. Padşah oğlundan heç belə cavab gözləmirdi. Elə ki, bunu eşitdi, dedi: - Get, ancaq qardaşlarına bu barədə heç bir söz demə! Belə deyib oğlunu mürəxxəs elədi. Sabahı gecə ortancıl oğlunu çağırıb dedi ki: - Oğul, istəyirəm padşahlığı verəm sənə, böyük qardaşını vəzir, kiçiyi də vəkil təyin eləyəm. Oğlan dedi: - Yox, bunu mən qəbul eləmərəm. Məndən böyük qardaşım var, padşahlıq ona verilməlidi. O, dura-dura mən padşah olmaram. Padşah bunu da mürəxxəs eləyib tapşırdı ki, qardaşlarına bir söz deməsin. Üçüncü gecə kiçik oğlunu çağırıb ona da haman sözləri dedi, o da cavab verdi ki: - Böyük qardaşım dura-dura mən padşahlığı qəbul eləmərəm. Padşah bunu da mürəxxəs eləyib tapşırdı ki, qardaşlarına bu barədə heç bir söz deməsin. Qardaşlar üçü də bu işdən pəcmürdə olmuşdular. Axırda ki, özlərini saxlaya bilməyib məsələni açdılar. Baxdılar ki, padşah üçünə haman sözləri deyib. Fikirləşdilər ki, indi ki, biz onun sözünü rədd eləmişik, bizə bundan sonra pis nəzərnən baxacaq. Yaxşısı budu ki, biz də hələlik hirsi soyuyanacan çıxaq səyahətə. Di padşaha adam göndərdilər, padşah razılıq verdi. Tədarük görüldü, lazım olan şeylər hazırlandı, oğlanlar üçü də dədələrinin görüşünə gəldilər. Padşah böyük oğlunun alnından öpüb dedi: - Get, oğul, ancaq yadında qalsın, qabağına çıxan qisməti təpikləmə... Ortancıl oğlunun alnından öpüb dedi: - Gördün ki, bir məqsuda çatacaqsan, ona çatmaq üçün tələsmə! Kiçik oğlunun alnından öpüb dedi: - Həmişə dara düşəndə qocaların məsləhətinə qulaq as! Oğlanların üçü də görüşüb, atları minib yola düşdülər. Gəlib yetişdilər bir özgə padşahın vilayətinə. Bir neçə vaxt qaldılar burda, bunların kamalları şəhərdə hamını heyran elədi. Bu şöhrət axırda gedib bu məmləkətin padşahına çatdı. Padşah bunların üçünü də qonaq çağırdı. Di bir az söhbət eləyəndən sonra yemək gəldi. Padşah ayağa qalxıb dedi: - Mən ac deyiləm, siz özünüz necə ki, kefinizdi yeyin, məni bağışlayın! Padşah bunu deyib o biri otağa keçdi. Onun məqsədi ayrı idi. O, istəyirdi ki, onları tək qoyub, özü onlara tamaşa edib görsün, doğrudan necə adamlardı. Odu ki, qapının dalında əyləşib onları seyr eləməyə başladı. Böyük oğlan ortadakı qızarmış quzudan bir az kəsib elə ağzına qoycaq tüpürdü yerə. O biriləri soruşdular ki: - Nə olub? Böyük qardaş üzünü turşudub dedi: - Bu quzu əti deyil, it ətidi. Padşah bunu eşidib hirsləndi ki, onlar necə cəsarət eləyib onun ətini it ətinə oxşadırlar. Elə istəyirdi ki, girib onları tutdursun, bu halda ortancıl qardaş əlini uzatdı şəraba. Şərabdan bir stəkan töküb ağzına yaxınlaşdırcaq, tüpürdü yerə. Soruşdular: - Nə oldu? Dedi: - Bu şərab deyil, insan qanıdı. Kiçik oğlan dedi: - Yaxşı, aşpazdan əmələ gəlmiş bicdən daha bundan artıq nə gözləmək olar ki? Padşah bunu eşidəndə lap dəli oldu. Vaxt elədi ki, hirsindən bağrı çatlasın. Bir istədi ki, üçünün də boynunu vurdura. Ancaq bir az fikir eləyib öz-özünə dedi: - Yaxşısı budu, çağırım bir aşpazdan, şərabçıdan soruşum, sonra. Çağırdı aşbazı: - De görüm, bu gün bişirdiyin quzunu haradan almışdın? Aşpaz dedi: - Şah sağ olsun, çoban sürüdən gətirmişdi. Padşah əmr elədi çoban gəldi. - Bu quzunu hardan gətirmişdin? - Şah sağ olsun, sürüdən. - Çoban, bu quzudan it əti tamı gəlir, bir əməlli fikirləş! Çoban bu sözü eşidəndə başladı yarpaq kimi tir-tir titrəməyə. Padşah dedi: - Qorxma, de görüm bu nə işdi? Çoban dedi: - Padşah sağ olsun, həmin quzu anadan olandan iki gün sonra anasını qurd parçalamışdı. Biz fikirləşdik ki, ta bu böyüyüb bizə qoyun olmayacaq. Odu ki, ötürdük başına. Elə çəpindən həmin otlaqda bizim, üzdən iraq itimiz də qancıqlamışdı. Bir gün mən gəlib gördüm ki, həmin quzu iti əmir, ta buna heç fikir vermədim. Siz indi it ətinin tamı deyəndə yadıma düşdü, o yəqin o quzu olacaq. Padşah baxdı ki, böyük oğlanın dediyi doğru çıxdı. Onun mürəxxəs eləyib çağırdı şərabçını. Soruşdu ki: - Bugünkü şərabı hardan gətirmişdin? - Meyxanadan, qibleyi-aləm sağ olsun! - Bu şərab haranın üzümündəndi? - Güllü bağın. - Bu bağı kim saldırıb? - Sənin rəhmətlik atan. - Bilmirsən, o bağın yeri qabaqca nə imiş? - Şah sağ olsun, o bağın yeri qabaqca qəbiristanlıq idi. Sənin rəhmətlik atan oranı sökdürüb üzüm bağı elədi. Padşah baxdı ki, ortancıl oğlanın dediyi də doğru çıxdı. Öz-özünə fikirləşdi, yaxşı, bunlar doğru oldu. Amma xırdanın hökmən boynunu vurduracağam. Çünki ta mən heç vəchlə aşbazdan əmələ gəlmiş bic deyiləm. Atam bəlli, anam bəlli. İstədi cəlladı çağıra, sonra fikirləşdi, yaxşı, bunların ikisinin də sözü düz çıxdı. Bəlkə elə bu da düzdü, oldu-oldu da... Qoy bir anamdan soruşum. Qılıncı çəkib girdi anasının yanına ki: - Ana, düzün de görüm, mənim atam kimdi? Arvad dedi: - Buy, ay bala, bu nə sözdü? Sənin atan bu vilayətin padşahı Aslan şah. Bu nə sözdü soruşursan? - Yox ana, düzün deməsən, bax bu qılıncdı, sənin canın. Mənə deyiblər ki, mən padşah oğlu deyiləm, aşbaz oğluyam. Arvad gördü ki, iş xarabdı, kimsə əhvalatı bilib, ona xəbər verib. Ona görə də çar-naçar əhvalatın düzünü açıb deməyə vadar oldu. Dedi: - Bala, indi ki, bilirsən, bil, ta allahdan gizlin deyil, səndən nə gizlin. Mənim həmişə qızım olurdu, heç oğlum olmurdu, Aslan şah da oğlan istəyirdi. Bir gün yenə allahın məsləhəti ilə mənim və`dəm keçdi. Sancım başlayan günü şah mənə dedi: - Əgər bu dəfə də qızın olsa səni öldürəcəyəm. İşin çəpindən uşaq yenə qız oldu. Mən düşdüm qarın ağrısına. Mənim bir yaxşı dayəm var idi. Gəlib gizlincə mənə dedi ki, bu gecə aşbazın bir oğlu olub, gəl uşaqları onunla dəyişdirək. Sən həmin o uşaqsan. Padşahın gözləri heyrətindən bərəlib lap dörd oldu. - Sənin əsil atan, anan da, mənim əsil qızım da o böyük taunda öldülər. Padşah daha heç bir söz deməyib çıxdı. Lap mat qalmışdı. Oğlanların dediklərinin hamısı doğru olmuşdu. Bir baş gəldi oğlanların yanına, əyləşdi, başladı söhbətə: - Mən buna lap mat qalmışam. Siz çörək yeyəndə mən qapının deşiyindən qulaq asırdım. Sizin sözlərinizin hamısını eşitdim. Oğlanlar qızardı. Padşah dedi: - Yox, qızarmayın! Məsələ burasındadı ki, dedikləriniz lap düz çıxdı. İndi mən bir şeyə mat qalmışam ki, siz bunları hardan bilirsiniz? Böyük oğlan dedi: - Şah sağ olsun, mən quzunun ətindən yeyəndə dedim ki, bu it ətidi. Çünki gördüm ki, bu qoyun əti tamı vermir. Demək bu başqa heyvan olacaq. Sürüdə də itdən başqa heyvan olmaz. Odu ki, dedim bu yəqin it əti olacaq. Padşah ortancıla dedi: - Yaxşı, hələ sən hardan bildin ki, şərab insan qanıdı? - Şah sağ olsun, mən şərabı ağzıma alcaq məni bir cür iy basdı. Mən ondan bildim ki, bu insan qanı olacaq. Padşah üzünü tutdu kiçik oğlana ki: - Yaxşı, bəs sən niyə hələ elə başından yekə qələt elədin? Oğlan dedi: - Şah sağ olsun, düzdü, mənim dediyim yaxşı söz deyil. Ancaq məsələ burasındadı ki, elə deyəsən elədi ki, var. Axır hərçənd ki, biz sənə demişik ki, biz tacir oğluyuq, amma yalan demişik. Biz səndən də böyük bir padşahın oğluyuq. Bizim atamız gələn qonaqlarla oturar, durar, söhbət edər, amma heç xörək haqqında danışmaz. Amma sənin söhbətin elə bu barədə oldu ki, ay nə bilim küftəbozbaşı belə bişirirlər, dolmanı belə bişirirlər, plovun yağını nə vaxt tökərlər, qayğanağın şirəsini nə vaxt vurarlar. Mən gördüm ki, sən xörəkdən başqa heç bir söhbət eləmirsən, fikirləşdim ki, yəqin bunun aşbazla bir qarışığı var. >>> |
|||||||||||||||||
|
|||||||||||||||||
![]() |
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||