Əlifba
Yeniliklər
Qonaq xəritəsi
Qonaq kitabı
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
Google
 
Birinci səhifə
 
 
 
 
Gülnar xanım
1
 
   Qəndahar padşahının Məlik Məmməd adında bir oğlu var idi. Gözəllikdə elə bir afəti-zaman idi ki, Yusif Kənan onun əlinə su tökə bilməzdi. Özü də Qəndahar padşahının aman-zaman bir dənə oğlu idi. Məlik Məmmədi hamıdan çox istəyən qoca bir lələsi vardı.
   Bir gün lələ bütün münəccimləri jəmləyib, tas qurdurub, rəm atdırıb Məlik Məmmədin baxtına baxdırdı. Hamı münəccimlər dedi ki, Məlik Məmməd on dörd yaşına çatanda itəcək, özü də ki, tapılmağı çox çətin olacaq. Bəli, bir-iki dəstə qoşun hazırlandı ki, Məlik Məmmədi qorusun. Yazıq uşağı tay heç yerə qoymadılar. Amma olacağa çarə yoxdu. Məlik Məmmədin düz on dörd yaşı tamam olan gecə o otaqda ki yatmışdı, elə o otaqda bir əppək oldu, uçdu göyə. Nə qədər axtardılar, Nə qədər jarçılar saldılar, qasidlər göndərdilərsə uşaq tapılmadı ki, tapılmadı. Bir il keçdi, iki il keçdi, hər yerdən ümid əli üzüldü, hamı qara geyib matəmə batdı.
   Qoca lələ bu işə tab gətirməyib təğyir-libas elədi, çıxdı öz dəspərvərdəsin axtarmağa.
   Lələ Məlik Məmmədi axtara-axtara gəlib çıxdı İstanbula. Şəhəri gəzdi, dolandı, dolana-dolana gəlib çıxdı, İstanbul padşahının sarayının qabağına. Bərk qış idi.
   Çoxlu da qar yağmışdı. Qarın üstündə bir yerə qan tökülmüşdü. Lələ bunu görcək, yıxılıb özündən getdi.
   Sənə xəbər verim İstanbul Padşahının bircə qız olan Gülnar xanımdan. Bu qız elə gözəldi ki, vəsfi aləmi tutmuşdu.    Gülnar xanım oturmuşdu öz pəncərəsinin qabağında, gəlib gedənə tamaşa edirdi. Bir də lələnin qışqırıb özündən getməyin gördü. Tez o saat adamlarını göndərib onu içəri gətirtdirdi.
   Qoca lələ Məlik Məmmədin əhvalatın ona danışdı:
   - Qarın üstündə qırmızı qan ləkəsini görəndə Məlik Məmmədin ağ üzündəki xalı yadıma düşdü.
   Gülnar xanım atasının yanına gedib bütün qoca lələnin danışdıqlarını ona danışdı. Dedi ki:
   - Ata, izin ver, mən gedim Məlik Məmmədi axtarmağa.
   Atası nə qədər dəlil-dəlayil dedisə mümkün olmadı. Qızı dediyin dedi. Axırda vəzir zəmini-ədəb öpüb dedi:
   - Padşah sağ olsun, indi ki, belədi, qoy getsin. Biz də bu qoca kişini burada saxlarıq. Əgər Gülnar xanım iki ilə gəldi, nə xub, gəldi, əgər yox gəlmədi, onda bunu öldürərik.
   Padşah çar-naçar razı oldu.
   Gülnar xanım çəkildi öz otağına, altdan geyindi üstdən qıfıllandı, üstdən geyindi, altdan qıfıllandı. Bir at mindi; hamı ilə görüşüb yola düşdü.
   Günə bir mənzil, təyyi-mənazil, gecəni günə qatdı, günü gecəyə, üç ay tamam at sürdü, üç ayın tamamında gəlib bir qalaçaya çatdı. O tərəfə boylandı, bu tərəfə boylandı, gördü ki, xeyir heç bir yerdən bu qalaçaya daxil olmaq mümkün deyil. Elə belə ata yedəyində çəkib qalaçanın ətrafın dolanırdı, bir də gözü sataşdı, gördü qalaçanın həyətində bir su gilifi var. Yavaşca atı çəkib bir kola bağladı, özü gilifdən keçdi, qalaçanın həyətinə. Baxdı ki, həyətdə bir kimsənə yoxdu. Amma qabaqda bir pilləkan var, çıxır qüləngərişə. Qədəm qoydu pilləkana, yavaş-yavaş qüləngərişdən keçdi, elə otağa daxil olanda, gördü ki, vallah burada bir qız oturub ki, şoxu adamın gözlərin qamaşdırır. Qız bunu görcək dik qalxdı ayağa ki:
   - Buyur Gülnar xanım, xoş gəlmisən, səfa gətirmisən.
   Gülnar qaldı məəttəl ki, görəsən bu məni haradan tanıyır. Qız Gülnar xanımın belə fikirdə olduğun başa düşüb, dedi: - Gülnar xanım, sənə təəjjüb gəlməsin. Mən səni yaxşı tanıyıram. Sən İstanbul padşahının qızısan. Sən məni tanımırsan, amma sən mənə çox yaxşılıqlar eləmisən. Mən ölənədək onları yaddan çıxartmaram.
   Gülnar xanım ha fikirləşdi, yadına düşmədi ki, düşmədi. Onda qız dedi:
   - Gülnar xanım, biz üç bacıyıq. Özümüz də pərilər padşahının qızlarıyıq. Biz hər cümə axşamı öz atamızın evinə qonaq gedəndə, sənin gözəlliyinə tamaşa etmək üçün, gəlib sənin güləfrənginə qonırıq. Sən də bizi göyərçin bilib yedirdib-içirdib yola salırsan.
   Gülnar gördü ki, qız doğru deyir. Amma indiyə kimi o onları göyərçin bilirmiş.
   Qərəz, Gülnar xanıma qız yer hazırladı. Gülnar xanım bir az rahatlıq edəndən sonra, öz gəlməyinin səbəbin dedi.
   Qız bir az fikirləşib dedi:
   - Gülnar xanım, biz üç bacı, üç qardaş divə ərə getmişik. Mənim ərim lap kiçik qardaşdı. Bunu bilə bilməz. Bunu bilsə-bilsə o biri bacılarımın ərləri bilərlər.
   Bunu deyib ortancıl bacısına bir namə yazdı, verdi Gülnar xanıma, yolu-zadı da ona göstərdi. Gülnar xanım atı minib yola düşdü. Üç gün, üç gecə at sürəndən sonra, Gülnar xanım gəlib çıxdı bu bacının qalaçasına. Düşüb bir tərəfdə atı yancidar elədi, özü gilifdən keçib daxil oldu qalaçaya. Naməni verməmiş qız Gülnar xanımı tanıdı. Gəldilər əyləşdilər. Gülnar xanım cibindən naməni çıxardıb verdi. Qız əhvalatdan xəbərdar olub onu zirzəmidə gizlətdi. Elə ki, əri gəldi evə, ondan soruşdu ki:
   - Bəs ay filankəs, Qəndahar padşahının oğlu Məlik Məmməddən sənin xəbərin yoxdu?
   Div qızı çox istəyirdi. Əvvəl demək istəmədi. Ancaq qız bir az üz-gözün turşudcaq ürəyi tab gətirməyib dedi ki:
   - Onu mənim böyük qardaşım oğurlayıb bir dağda tilsimbənd eləyib.
   Qız nə qədər elədi ki, hansı dağdı, div deməyib and içdi ki, o bilmir. Qız əhvalatı sabahısı Gülnar xanıma xəbər verdi, bir namə də o biri bacısına yazıb Gülnarı yola saldı.
   Bəli Gülnar gəlib çıxdı üçüncü bacının qalaçasına. Görüşdülər, danışdılar, bu bacı dedi ki:
   - Allah mənim ərimin başın batırsın, ondan söz qoparmaq mahal işdi. Amma yenə də onu zirzəmidə pünhan eləyib ərinin yolun gözləməyə başladı. Gecə div gəldi, gördü ki, qız bikeyf oturub.
   Soruşdu:
   - Ay qız, nə var, yenə burnunu sallamısan?
   Qız yalvara-yalvara ona dedi:
   - Keçən uğur atamın yanına gedəndə Qəndahardan keçdik. Bütün camaat qara geymişdi. Soruşduq nə var, dedilər ki, padşahın 14 yaşında bir oğlu itib. İndi elə birdən yadıma düşdü. Sən bu barədə heç bir şey bilmirsən? Div elə bunu eşitcək qızın ağzının üstündən bir sillə vurdu. Qərəz, nə başını ağrıdım, div nə qədər söydü, döydüsə, qız əl çəkmədi ki, çəkmədi.
   Axirüləmr div boynuna aldı ki, Məlik Məmmədi o oğurlayıb, özün də yeddi təpə qalasında tilsimə salıb.
   Qız səhər əhvalatı Gülnar xanıma xəbər verdi. Gülnar xanım ona tapşırdı ki, indi də öyrənsin o tilsimi necə sındırmaq olar. Bir də ki, öyrənsin görsün divin canı nədədi. Div qıza dedi ki:
   - Bu qalanın qapısında qırx dildə yazılmış daşlar var. Gərək onu sındırmaq istəyən bu daşların hamısın oxuya.
   Amma qız nə qədər elədisə div öz canının yerin demədi ki, demədi. Bir-iki gün belə qaldı. Axırda div gördü ki, qız əl çəkməyəcəq dedi, evdə bir əl ağacı var, mənim canım o əl ağacındadı.
   Qız əhvalatı Gülnara xəbər verdi. Gülnar bildi ki, div yalan danışıb, onun canı əl ağacında olmaz. Odu ki, ona dedi: - O əl ağacını təmizlə, yaxşı-yaxşı bəzə!
   Qız gəlib əl ağacını qırmızı ipəyə tutdu, qoydu evdə lap yaxşı bir yerə. Div gəlib işi belə görəndə səbəbin qızdan soruşdu.
   Qız dedi:
   - Bəs, sənin canın ordadı, onun üçün elə eləmişəm.
   Div gördü ki, qız onun canına belə hörmət eləyib, açıb doğrusun dedi ki, onun canı həmin qalaçada bir çarhovuz var onun içində üç dənə ağ balıq var, o ağ balıqların birindədi. Gülnar xanım əhvalatın hamısın öyrənib üz qoydu haman qalaçaya tərəf getməyə. Gethaget, gethaget, gəlib-çatdı yeddi təpə qalaçasına. Gördü bir dar mağara var. Girdi mağaraya, bir qədər getmişdi qabağına bir yekə pələt kimi bir qalaça qapısı çıxdı. Baxdı ki, buradan içəriyə girməyə heç bir yol yoxdu. Paltarının altına bağladığı qılıncını çıxardıb qapının qıfılın sındırdı, girdi içəriyə. Baxdı ki, böyük bir məhlədi, düz ortada bir çarhovuz var. Gəldi gördü doğrudan da burada üç dənə yaxşı, gözəl ağ balıq var. Hər nə qədər əlləşdisə, bunları tuta bilmədi. Axırda hovuzun ayağın açıb başladı suyu buraxmağa. Beləliklə balıqların ikisini tutub öldürdü, elə üçüncü balığı tutmaq istəyirdi ki, bir də gördü göy titrədi, yer titrədi, budu div anqıra anqıra gəlir. Tez balığı atdı torpağa, qılıncı çəkib onu iki böldü. Div yarı yolda yıxılıb cəhənnəmə vasil oldu. Gəldi bu yana, gördü dağın ətəyində barı kimi bir yerdə qırx dildə yazılmış daşlar asılıb. Gülnar xanım dünyanın bütün elmlərindən baxəbər idi. Başladı bunları bir-bir oxumağa. Axırıncı daşı oxuyub qurtaranda elə bil ki, dağ hərəkətə gəldi. Barı yarıldı, girdi içəriyə, gördü Məlik Məmməd bir qızıl taxtın üstündə yatıb, amma yarımcandı. cibindən quranı çıxardıb oxumaq istədi. Amma baxdı ki, oxuyub tamamlaya bilməyəcək. Çünki bilirdi ki, belə adamları tilsimdən oyatmaq üçün tamam qırx gün arasını kəsmədən qur`an oxumaq lazımdı. Ona görə də qapını yenə də əvvəlki kimi bərkidib çıxdı çölə. Elə bir az getmişdi ki, qabağına bir karvan çıxdı. Karvanda bir qız var idi, Gülnar üstündəki qızılları verib o qızı aldı, getdi qalaçaya. Qıza əhvalatı başdan-ayağa danışdı. Məlik Məmmədin taxtının yanında başladı quran oxumağa. O, özü yorulanda qız onun ağzından alıb dalısın oxuyurdu ki, arası kəsilməsin, çünki onda batil olardı. Bu minvalla düz otuz doqquz gün, otuz doqquz gecə oxudular. Lap qurtara qurtarda Gülnar xanım baxdı ki, yox ta heç saxlaya bilmir özün, elə gözləri yumulur ki, yumulur. Axırda qorxdu ki, birdən yuxu tutar batil olar, qalıb naçar qızı oyatdı, qur`anı ona verib, özü başın yerə qoydu ki, bir çimir yatsın ki, bəlkə bir gözünün acısın ala. Bu yatmağında olsun qırx günün tamam olduğu dəqiqədə Məlik Məmməd asqırıb durdu. Gözün açıb gördü yanında bir qız oturub qur`an oxuyur. Soruşdu:   >>>
 
1 2
 
 
 
Birinci səhifə
 
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
 
Copyright @ 2003-2007 Leyla Babazade. All rights reserved.