|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
![]() |
|||||||||||||||||
| Göyçək Fatma | |||||||||||||||||
| 1 | |||||||||||||||||
| Biri var idi, biri
yox idi, allahın bəndəsi çox idi, bir kişiynən
bir arvad var idi. Günlərin birində iş belə gətirdi
ki, bu kişinin arvadı azarlanıb öldü. Həmin
arvaddan Fatma adında yetim bir qızı, bir də oğlu
qaldı. Kişi gördü ki, uşaqlara baxa bilməyəcək,
odu ki, ayrı bir arvad aldı. Kişinin bu arvaddan da bir
qızı oldu, amma bu yaman kifir qız idi. Bu arvad gələn
gündən yetim Fatmanı gözü götürmədi.
Öz qızının adını da Fatma qoydu. Amma bu
qızınan onun asiman tafoutu var idi. Yetim Fatma gözəl
göyçək bir qız, çirkin Fatma isə qara keçəl
idi. Analıq yetim Fatmaynan, oğlana gün verib, işıq
vermirdi. Onları gah suya, gah oduna göndərirdi. Evdə
qarabaş kimi işlədirdi. Günlərin birində arvad iki ayağın bir başmağa dirəyib ərinə dedi: - Kişi, əgər bu uşaqları aparıb azıtmasan, səndə oturmuyacam. Mənim bu uşaqlardan zəhləm gedir, onlara daha mən baxa bilmirəm. Kişi nə qədər yalvar-yapış elədi ki, ay arvad, insafın olsun, mən bu bir parça tüfülləri hara azıdım, yazıqdılar, gedərlər meşədə qurd-quş yiyər. Arvadın hırı tutmuşdu, elə nırx deyib durdu ki, əgər azıtmasan gününü qara eliyəcəm. Kişi çox götür-qoy elədi, gördü ki, ayrı əlacı yoxdu. Fatmaynan oğlunu götürüb getdi meşəyə. Uşaqlarını alladıb dedi: - Balalarım, siz moruq, çiyələk yığa-yığa gedin dərənin dibinə, mən də bu biri tərəfdən bir az odun qırım, axşamüstü gəlib sizi də götürərəm, gedərik. Uşaqlar atalarının sözünə inandılar. Moruq, çiyələk yığa-yığa lap meşənin sıx yerinə çatdılar. Sizə kimnən deyim, kişidən. Kişi uşaqları aldadıb bu tərəfdən ağlaya-ağlaya, kor-peşiman qayıtdı evə. Axşam oldu. Qaranlıq düşdü, meşədə göz-gözü görmürdü. Ayı, canavar, pələng, şir meşəyə bir nərilti, gurultu, inilti salmışdılar ki, vəhmədən adamın bağrı çatlayırdı. Uşaqlar ha gözlədilər, dədələri gəlib çıxmadı. Axırda əlacsız qalıb bir ağacın başına çıxıb orada gecələdilər. Sabah tezdən durub yol başladılar bir cığırnan getməyə. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib bir bulağın başına çatdılar. Fatmanın qardaşı yaman susamışdı. Özünü tez verdi bulağın başına, istədi sudan doyunca içə. Fatma qoymaq istəmədi, elə bil ürəyinə dammışdı ki, bu suda bir şey var. Fatma nə qədər elədi ki, qardaşı sudan içməsin, olmadı. Oğlan ağzını bulağın gözünə diriyib sudan doyunca içdi. O saat dönüb oldu qara bir inək, Fatma üz-gözünü cırıb şivən saldı ki, ay qardaş, sənə demədimmi içmə, indi mən neyniyim, başıma haranın daşını töküm. Qardaşı dedi: - Bacı, daha iş-işdən keçib, mənimki də beləymiş, gəl gedək. Amma bu sirri nə badə bir adama deyəsən ha! Fatma inəyi də qabağına salıb ayaq ləpiriynən o qədər getdi ki, meşədən çıxdı. Bir dağın başına çıxıb gördü ki, evləri uzaqdan görükür. Düz gəldi evlərinə. Arvad gördü ki, qız gəldi, amma yanında da bir qara inək. Əvvəlcə üz-gözünü turşutdu, qaş-qabağını tökdü, istədi qızı qovlasın. Sonra fikirləşdi ki, oğlan yoxdu, yəqin ölüb-itib, meşədə qalıb. Qız da ki, bir yaxşı inəynən gəlib. İnəyi sağıb yeyərik. Bir azdan sonra qızı genə azdırarıq, o da itib cəhənnəmə vasil olar. Kişi də qızını görüb bir tərəfdən sevindi, bir tərəfdən də oğlunu yadına salıb bikeyf oldu. Analıq hər gün Fatmanın əlinə bir az yun verib inəyi otarmağa göndərərdi. Fatma axşama kimi inəyi otarır, analığı verdiyi yunu da didib əyirərdi. Bir gün yenə inəyi otardığı yerdə bərk yel əsdi, yel Fatmanın yumağını götürüb apardı. Fatma, "a yel baba, yumağımı aparma" - deyə-deyə yüyürürdü. Yel baba yumağı aparıb bir evin bacasınnan içəri saldı. Fatma gəlib bu evin qapısını döydü. İçəridən bədheybət bir qarı çıxıb dedi: - A bala, nə var, nə istəyirsən? Fatma dedi: - Qarı nənə, yel baba yumağımı sənin bacannan içəri saldı, gəlmişəm ki, onu verəsən. Qarı dedi: - A qızım, gəl mənim başıma bax, sonra yumağını verim. Fatma razı oldu, içəri girib gördü qarının evi zir-zibilnən doludu. Odu ki, dedi: - Qarı nənə, süpürgəni ver, evini süpürüm. Qarı süpürgəni verdi. Fatma evi süpürüb tər-təmiz elədi. Sonra da başladı qarının başına baxmağa, gördü ki, bunun başı doludu ilan, çayannan, baxdı ki, qarının başında bitlər var tısbağa boyda, birələr var qurbağa boyda. Qarı dedi: - A qızım, de görüm sənin ananın başı qəşəngdi, yoxsa mənim? Mənim birələrim qəşəngdi, yoxsa onun. Fatma dedi: - Ay nənə, əlbəttə, sənin başın qəşəngdi. Sənin bit, birələrin də lap sərçə, bülbül kimi şeylərdi. Bu sözlər qarının xoşuna gəldi, odu ki, dedi: - Bala, burdan gedəndə qabağına üç bulaq çıxacaq, birinin suyu dümağ, süd kimi, o birininki qapqara şəvə kimi, birinin də suyu qıp-qırmızı lalə kimi. Ağ suda soyunub çimərsən, qara sudan da saçına, qaşına, kirpiyinə çəkərsən. Qırmızı sudan da yanaqlarına, dodaqlarına çəkərsən. Sonra gedib qara inəyin bir buynuzunnan yağ, birinnən də bal əməcəksən. Fatma qarının yanından çıxıb gəldi, yolda günçıxan tərəfdə qabağına bir bulaq çıxdı, suyu dümağ süd kimi, girib suda çimdi. Bir az gedib günbatan tərəfdə də bir bulağa rast oldu. Bu bulağın suyu da qapqara idi. Fatma bu suynan başını yuyub, bir az da qaşına, kirpiyinə çəkdi. Qırmızı sudan da bir az yanaqlarına, dodaqlarına çəkdi. Fatmanın gözəlliyi bir idi, indi oldu min. Fatma elə bir gözəl qız oldu ki, heç misli-bərabəri olmadı. Aya dedi, sən çıxma, mən çıxacam, günə dedi, sən çıxma, mən çıxacam. Yanaqlar qıp-qırmızı alma kimi, dodaqları qaymaq, dişləri inci, gözü maral gözü. Nə deyim, bir baxan deyərdi bir də baxaydım. Fatma düz gəlib çıxdı qara inəyin yanına, onun başını, gözünü sığallayıb başladı buynuzlarını əmməyə, gördü ki, doğrudan da, inəyin bir buynuzunnan yağ, birinnən də bal gəlir. Fatma hər gün inəyin buynuzlarını əmib elə kökəldi ki, lap balığa döndü. Fatmanın analığının bu işə həm paxıllığı tutdu, həm də mat qaldı ki, görən Fatma neyləyir ki, belə kökəlib, qəşəngləşir. Odu ki, sabahdan öz keçəl qızını da qoşdu Fatmanın yanına ki, o da naxıra gedib qəşəngləşsin. İş belə gətirdi ki, yenə bərk bir yel qopdu, bu dəfə də yel keçəl Fatmanın yununu götürüb apardı. Yun gedib həmin qarının bacasınnan içəri düşdü. Keçəl Fatma yunun dalınca qaça-qaça gedib qarının evinə çıxdı. Qapını döyüb yununu istədi. Qarı qızı içəri çağırıb dedi: - A qızım, gəl başımı bitlə, sonra yununu verim. Qız qarının başına baxıb gördü ki, bit-birəynən doludu. "Tfu" eləyib geri çəkildi. Qarı dedi: - A qızım, mənim başım təmizdi, yoxsa sənin ananın? Qız dedi: - Allah vurmuşdu səni, başın ilan qurbağaynan doludu, həlbətdə anamın başı yaxşıdı. Qarı bir altdan yuxarı baxıb dedi: - A qızım, sən ki, belə dedin, ala yununu verirəm, amma burdan gedəndə qabağına üç bulaq çıxacaq. Birinin suyu qara, birinin suyu ağ, o birininki də qırmızı. Sən əvvəlcə qara suya girib çimərsən, sonra ağ suynan başını yuyub, bir az da qaşına, kirpiyinə, qırmızı sudan da alnına sürtərsən. Sonra da qara inəyin döşlərini əmərsən. Qız qarının yanınnan çıxıb yolda qara suynan çimdi, ağ sudan qaşına, kirpiyinə çəkdi, qırmızı sudan da alnına sürtdü. Əvvəldən də bir şey olmayan keçəl Fatma dönüb oldu qara qul; hər yeri oldu qap-qara kösəy kimi. Bircə dişləri, gözləri ağarırdı. Keçəl Fatmanın heç nədən xəbəri yox idi. Gəlib inəyin əmcəyini ağzına salıb başladı sormağa, gördü ki, ağzına irin gəlir, tez başladı inəyin o biri məməsini əmməyə, gördü ki, bunnan da qan gəlir. Durub kor-peşiman evlərinə gəldi. Anası qızına baxan kimi əllərini iki dizinə vurub dedi: - Bıy, başına güllər, ay qız sənə nə oldu ki, bu günə düşdün? Qız başına gələni anasına söylədi. Daha iş işdən keçmişdi. O günnən keçəl Fatmanı anası evdən heç yerə buraxmadı. Amma göyçək Fatma hər gün inəyi aparıb otarır, özü də günü-günnən qəşəngləşirdi. Analıq gördü ki, Fatma inəyi otarmağa apardıqca yaxşılaşır, odu ki, bir gün bir az quru yuxa bişirib paltarının altınnan kürəklərinə qoydu, əri evə gələndə yerə yıxılıb arxası üstə o üzə, bu üzə çörükdü. Arvad tərpəndikcə yuxalar xırha-xırnan qırılırdı. Arvad ufuldana-ufuldana dedi: - A kişi, görürsənmi nə bərk azarramışam. Ölürəm, mənə bir əlac. Kişi dedi: - Arvad sənin dərmanın nədi, de tapım? Arvad dedi: - Mənim dərmanım qara inəyin ətidi. Onu kəsib ətini mənə yedirtsən yaxşı olacam. Kişi əvvəlcə inəyi kəsmək istəmədi, amma arvad əl çəkmədi ki, çəkmədi. Kişi axırda inəyi kəsdi. Göyçək Fatma gördü ki, inəyi kəsdilər. Qaldı məəttəl ki, indi nə yeyəcək, acınnan öləcək. Durub getdi həmin qoca qarının yanına, əhvalatı ona söylədi. Qarı dedi: - Qızım, eybi yoxdu, qoy inəyi kəssinnər, sən onun ətinnən yeməzsən, qoy onlar yesinnər, sonra xəlvətcə onun bütün sümüklərini torbaya yığıb gətirərsən mənim yanıma. Qorxma, qardaşın indi də xoruz cildinə düşəcək. >>> |
|||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||