Əlifba
Yeniliklər
Qonaq xəritəsi
Qonaq kitabı
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
Google
 
Birinci səhifə
 
 
 
 
Ağ quş
1
 
   Biri vardı, biri yoxdu, bir padşah vardı. Bütün padşahlardan fərqli olaraq, bu padşah olduqca adil və ağıllı padşah idi. Hamı onu çox sevirdi, bircə vəzirdən başqa. Vəzir gecə-gündüz yatmayıb onu necə öldürmək, yerinə necə keçmək barədə düşünürdü. Günlərin bir günündə o əlaltıları ilə birlikdə padşaha qəsd elədi və onun yerinə keçdi. Vəzir padşahın nəslindən bir nəfəri də sağ buraxmayacağına söz vermişdi. Bu məqsədlə də öz adamlarına padşahın yeganə oğlunu da öldürməyi tapşırdı. Padşahın arvadı oğlunu da götürüb qulluqçularla yaylağa getmişdi, ərinin öldürüldüyündən bixəbər idi. Vəzirin adamları onun alaçığına hücum edəndə işin nə yerdə olduğunu anladı, dedi:
   -Binamuslar, yəni siz o qədər qudurmusunuz ki, öz padşahınızın arvadına hücum edirsiniz?
   Vəzirin adamları qülüb dedilər:
   -Nə padşah, nə zad? Sən artıq padşah arvadı deyilsən, ərin çoxdan o dünyadadır. Indi gəlmişik səni də, oğlunu da onun yanına göndərək. Padşahın arvadı məsələni başa düşdü, ancaq yenə də qaçıb canını qurtarmaq çalışdı. Uşağı da götürüb, alaçıqdan çıxıb qaçmağa üz qoydu. Gəlib bir sıldırım qayanın başına çatanda gördü ki, burdan o yana yol yoxdur, onsuz da vəzirin adamları onu öldürəcəklər. Ancaq körpə oğlunun düşmən əlinə keçməməsi üçün onu sıldırım qayadan atdı. Xainlər padşahın arvadını öldürdülər, uşağın ölmüş olduğunu zənn edib dalınca dərəyə düşmədilər.
   Həmin padşahın bir qardaşı var idi. Vəzir neçə dəfə onun üstünə adamlarını göndərib öldürtmək istəmişdisə də , bir şey çıxmamışdı. Padşahın qardaşı başına bir dəstə adam yığıb dağlara çəkilmişdi. Bir dəfə onun adamlardan biri dərədəki aslan yuvasının qarşısında oynayan bir uşağa rast gəldi, uşağı götürüb padşahın qardaşının yanına apardı. Padşahın qardaşı baxdı ki, uşağın biləyində bir bazubənd var. Bazubəndi oxuyub onun öz qardaşı oğlu olduğunu bildi. Uşağı götürüb bağrına basdı, şir südü ilə bəsləndiyinə görə adını Şirzad qoydu. Vaxt keçdi, vədə dolandı, Şirzad gəldi on beş yaşına çatdı. Bu vaxta qədər onun əmisinin dəstəsi böyüyüb qüvvətlənmişdi. Bir gün əmisi Şirzadı, öz iki oğlunu yanına çağırıb dedi:
   -Övladlarım, artıq vəzirdən qardaşımın və bütün nəslimizin qilasını almaq vaxtı yetişib. Yaraqlanın, döyüşə gedirik. Oğlanlar ədəblə təzim edib, onun dediyi kimi döyüşə hazır vəziyyət aldılar. Vəzirin şəhərinə hücum edib, taxtı ələ keçirdilər, vəziri bütün şəhər əhli qarşısında edam etdilər. Şirzadın əmisi padşah oldu. Şirzadın əmisi oğlanları atalarının Şirzada olan məhəbbətinə həsəd aparırdılar. Bunu hiss edən padşah bir gün balalarının üçünü də yanına çağırıb dedi:
   -Mən bilirəm ki, siz üçünüz də məni çox istəyirsiniz. Mən də sizin üçünüzü də eyni dərəcədə çox istəyirəm. amma içərinizdə ən igid olanı mənim sağ əlim olacaq, buna görə də siz gərək öz igidliyinizi sübut edəsiniz.
   Oğlanlar hamısı bir ağızdan sual verdilər:
   -Bunun üçün nə etmək lazımdır?
   Padşah dedi:
   -Mən bir şərt kəsirəm – kim mənim atımın ayağı dəymədiyi yerdən, mənim görmədiyim, bilmədiyim bir şeyi gətirib gəlsə, aranızda ən igidi odur.
   Padşahın böyük oğlu baş əyib səfərə çıxmaq üçün icazə istədi. Padşah ona yol xərci verib, yola saldı. Oğlan iki ay gecə-gündüz yol getdi. Bir gün böyük oğlan baxdı ki, atının ayağın altında nə isə parıldayır. Götürüb gördü ki, bu böyük bir ləldir. Öz-özünə düşündü ki, əgər atam bu yerlərdən keçmiş olsaydı, yəqin ki, bu ləli götürərdi. Odür ki, daşı götürüb geri qayıtdı. Padşah dəbdəbə ilə oğlunun pişvazına çıxdı. Oğlan gətirdiyi ləli xonçaya qoyub atasına təqdim etdi. Atası lələ baxıb dedi:
   -Şəhərin kənarında kahada mənim qırx otağım var. Apar bunu birinci otağa qoy.
   Oğlan gedib kahadakı birinci otağı açanda gördü ki, bu otaq həmin ləllərlə doludur.
   Əlqərəz, indi də növbə gəldi ortancıl oğula. O da atası ilə sağollaşıb səfərə çıxdı, düz üç ay yol gedəndən sonra bir meşəyə rast gəldi. Meşədəki ağacların üstü qızıl meyvələrlə dolu idi. Həmin meyvələrdən bir heybə doldurub atasına gətirdi. Atası onun gətirdiyi meyvələrə baxıb dedi:
   -Apar bu meyvələri kahadakı ikinci otağa qoy.
   Ortacıl oğul ikinci otağı açanda gördü ki, bu otaq həmin meyvələrlə doludur.
   Növbə çatdı Şirzada. Şirzad ədəb-ərkanla gəlib əmisinin əlini öpüb dedi:
   -Əmi, icazə ver, mən səfərə sənin atınla çıxım.
   Padşah razılıq verdi. Şirzad əmisinin atını minib yola düşdü. Altı ay yol getdi, yeddinci aya dönəndə birdən at dayandı, dönüb arxaya baxdı, kişnədi. Şirzad başa düşdü ki, at burdan o yana getməyib. Başladı yavaş-yavaş yolunu davam etməyə. Bir qədər getmişdi ki, gördü yerdə nəsə yanır. Götürüb baxdı ki, bu öz-özünə yanan bir çıraqdır. Çırağın üstünə bu sözlər yazılmışdı: “Ay bu çırağı tapan, yer üzündə bu çıraqdan iki dənədir”. Şirzad fikirləşdi ki, bunun o biri tayını da tapmamış dönən deyiləm. toqqasının altını bərkidib yola düşdü.
   Az getdi, üz getdi, gəlib bir şəhərə çatdı. Karvansaraya gəlib özünə bir otaq kirələdi. Axşam bunun mənzilinə bir nəfər də gəldi. Xurcunundan bir çıraq çıxardıb yandırdı. Şirzad baxdı ki, elə bu onun tapdığı çırağın tayıdır. Şirzad qonaqla tanış oldu, öz əhvalatını ona danışıb dedi:
   -Qardaş, gəl sən o çırağı ver mənə.
   Qonaq dedi:
   -Burdan bir az aralıda divlər yaşayırlar. Onların çox gözəl göyərçinləri var. Əgər həmin göyərçinlərdən bir cütünü mənə gətirsən, çırağı sənə verərəm.
   Şirzad razı oldu. Yolu ondan öyrəndi, tezdən atına minib yola düzəldi. Gedib həmin yerə çathaçatda arxadan səs eşitdi. Dönüb baxdı ki, onu çağıran bir ağ quşdur. Ağ quş dedi: >>>
 
1 2
 
 
 
Birinci səhifə
 
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
 
Copyright @ 2003-2007 Leyla Babazade. All rights reserved.