|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
![]() |
|||||||||||||||||
| Oxayla Əhməd | |||||||||||||||||
| 1 | |||||||||||||||||
| Nağıl-noğul
bilmirəm, bilsəm də söyləmərəm. Şahdan
gəlmiş nökərəm, dinmə, qabırğalarını
sökərəm. Sizə hardan söyləyim, kimdən
danışım, keçmişlərdə bir kişi var
imiş. Bu kişinin gözünün ağı-qarası,
aman-zaman bircə oğlu var imiş. Kişi oğlunu çox
istəyirmiş, onu əlini ağdan-qaraya vurmağa qoymazmış.
Kişi kasıbcılıqla dolanırmış. Hər gün gedib dəryaya tor atıb balıq tutar, onları satıb birtəhər başını girləyərmiş. Kişinin oğlunun adı Əhməd idi. Bəli, ay dolanır, il keçir, Əhməd on dörd yaşına çatır. Kişi bir gün oğluna deyir: -Oğul, mənim heç bir elmdən xəbərim yoxdur, özüm də yazı-pozu bilmirəm. Ona görə də ömrüm-günüm dəryaya tor atıb balıq tutmaqla keçib. İndi görürsən ki, qocalıb əldən düşmüşəm. Daha tor atmağa taqətim yoxdur. Oğul, istəmirəm sən də mənim kimi olasan. Odur ki, səni oxumağa qoymaq istəyirəm. Bəlkə bir elm öyrənib adam olasan. Mənim kim əzab-əziyət çəkməzsən. Əhməd dedi: -Atayı-mehriban, buyruq sənindi. Nə məsləhət görsən, elə də elərəm. Kişi dedi: -Bərəkallah oğlum, hazırlaş, bir yaxşı molla tapaq, sənə elm öyrətsin. Ata-bala gecəni yatıb sübh tezdən durdular. Çantalarına bir az azuqədən-zaddan qoyub yola düşdülər. Az getdilər, çox getdilər, bu kənd mənim, o kənd sənin, soraqlaşdılar, bir yaxşı molla tapa bilmədilər. Axırda gəlib meşədə bir bulaq başına çatdılar. Kişi dedi: -Oğul, çox yorulmuşuq. Həm də acmışıq. Gəl bu bulağın başında bir az çörək yeyib dincələk. Ata-bala bir az şordan, çörəkdən yeyib, bulağın suyundan doyunca içdilər. Yayın isti günü sərin, buz kimi bulaq suyu kişinin çox xoşuna gəldi. Suyu içib qurtarandan sonra dedi: -Oxay, nə qəşənq sudu! Elə bu söz kişinin ağzından çıxan kimi suyun ortasından bir kişi çıxıb dedi: -A kişi, məni çağırıb neyləyirsən, mənə görə nə qulluq? Əhmədin atası sudan çıxan adamı görüb lap məəttəl qaldı. Az qaldı ki, nitqi tutulsun. Hannan-hana özünə gəlib dedi: -Ay qardaş, sən kimsən, mən səni nə vaxt çağırdım? Sudan çıxan adam dedi: -Bəs, Oxay deyən sən deyildin? Kişi dedi: -Nə olsun ki? Bəyəm oxay demək olmaz? Sudan çıxan adam dedi: -Elə o oslun ki, mənim adım Oxaydı. Sən məni çağırdın, mən də gəldim. Kişi barmağını dişlədi: -Demək sənin adın Oxay imiş? Oxay dedi: -Elədir ki, var. A kişi, de görüm hara gedirsən, məqsədin nədir? Kişi dedi: -Vallah, hal-qəziyyə belədi, oğlumu oxutmaq üçün molla axtarmağa gedirəm. Oxay dedi: -Məndən yaxşı molla hardan tapacaqsan? Ver oğlunu oxudum, gələn il gəl apar. O vaxtacan cəmi elmləri öyrənib açarları qoysun cibinə. Kişi razı olub oğlunu verdi Oxaya. Bir az da dil-ağız eləyib yalvardı ki, sən Allah, gözümün ağı-qarası bircə oğlum var, ondan yaxşı muğayat ol. Oxay dedi: -Arxayın ol. Ona elə baxacağam ki, heç ruhu da inciməsin. Nə vaxt oğlunu ürəyin istəsə, gəl bulağın başına. Sudan iç, Oxay de, o saat oğlun yanında hazır olacaq. Kişi oğlu ilə öpüşüb xudahafizləşəndən sonra başladı daban alıb evinə sarı qayıtmağa. Oxay da Əhmədi qoltuğuna vurub, bir ismi-əzəm oxuyub, suyun altına qayıtdı. Əhməd bir gözünü açıb gördü ki, bir qalaçanın içindədi. Amma üst-başı islanmayıb, heç elə bil suyun dibinə batan bunlar deyilmiş. Qaldı məəttəl ki, görən bu nə işdi. Bunlar qalaçaya çatan kimi Oxay Əhmədi aparıb bir otağa qoydu. Özünə də tapşırdı ki, sənin yerin bura olacaq. Oxay gedəndən sonra Əhməd qapını açıb çölə çıxdı, ətrafa baxanda onu vahimə bürüdü. Gördü ki, böyük bir qalaçanın içindədi. Qalaçanın bir kərpici qızıldan, bir kərpici gümüşdəndi. Bura ləl-cəvahiratdan, mirvari və zərbərcəddən o qədər bəzək-düzək vurulub ki, adam baxanda gözləri qamaşır. Əhməd bir az irəli gedib gördü ki, qalaçanın bir tərəfi tamam bağ-bağçadır. Amma bu bağçada bitən hər şeyin rəngi qırmızıdır. Qalaçanın o biri tərəfinə keçib gördü ki, burda o qədər vahiməli heyvanlar var ki, adam baxanda az qalır ürəyi partlasın. Şir, pələng, əjdaha, ayı, canavar, tülkü, çaqqal, ilan, hər nə desən var. Tez yavaşca burdan da çəkilib, qalaçanın o biri yanına getdi. Gördü ki, burda daşdan, torpaqdan tutmuş suya qədər hər nə varsa, hamısı alışıb yanır. Alov, tüstü, duman asimana qalxır. Tez burdan qaçıb özünü saldı qalaçanın dal tərəfinə. Gördü ki, bura tamam dəryayi-ümmandı. Göz işlədikcə hara baxırsan sudu. Əhməd bir o tərəfə, bir bu tərəfə baxıb gördü ki, suyun qarağında bir boş gəmi var, fikirləşdi ki, deyəsən, Oxay mənim atamı aldatdı, yaxşısı budur, nə qədər ki, başım üstümdədi, elə bu gəmiyə minim qaçım. Əhməd gəmiyə minib başladı getməyə. Yeddi gün, yeddi gecə suyun üzündə yol getdi. Bir də baxıb gördü ki, qabağında elə bir divar durub ki, dibi dəryadadır, başı göyün yeddinci qatına çatır. Diqqət eləyib gördü ki, divar tamam insan kəlləsindən hörülüb. Əhməd divara yaxınlaşan kimi doxsan doqquz yerdən səs gəldi: -Ey cavan, özünə yazığın gəlsin, məbada gəmidən düşəsən. Ayağın yerə dəyən kimi, Oxay səni də bizim günümüzə salacaq. Biz də vaxtı ilə sənin kimi cavan idik. Oxay bizi aldadıb öz qalaçasına gətirdi. Sonra hərəmizi bir bəhanə ilə öldürüb bu günə qoydu. Cavan oğlan, indi hara getsən Oxay gəlib səni tapacaq. Xəbər alacaq ki, hara gedirdin? Deyərsən ki, ürəyim darıxdı, dəryanı gəzməyə çıxmışdım. Onda Oxay səni öldürməyib aparacaq yenə qalaçaya. Biz nə qədər elədik, bu qalaçadan qaça bilmədik. Bu qalaçanın sirrini onun qızından başqa heç kim bilmir. Çalış o qızdan sirri öyrən. Əgər öyrənə bildin, sənə ölüm yoxdur. Öyrənə bilməsən, sən də bizim günümüzə düşəcəksən. Elə bu vaxt Əhməd gördü ki, dəryanın ortası bulaq kimi qaynadı. Oxay başını qaldırıb sudan çıxdı. Əhmədə acıqlanıb dedi: -Sən buralarda nə gəzirsən? Əhməd dedi: -Gördüm təkcə qalmışam, ürəyim darıxır. Odu ki, gəmiyə mindim ki, bir az dəryada gəzim, ürəyim açılsın. Oxay daha Əhmədə bir söz deməyib, yanına salıb gətirdi qalaçaya, özünə də tapşırdı: -Əhməd, mənim burada qırx otağım var, darıxanda hərdən bir-ikisini gəzərsən, ürəyin açılar. Al, bu otuz doqquz otağın açarını verirəm sənə. Amma qırxıncı otağı məbada açasan. Əhməd açarları alıb qoydu cibinə. Oxay qapıdan çıxan kimi Əhməd başladı otaqları gəzməyə. Otaqların hansını açdısa, gördü burada bir cah-cəlal var ki, heç bir padşahın xəzinəsində olmaz. Quş iliyi, can dərmanı, hər nə desən burada tapmaq olar. Əhməd otuz doqquz otağın hamısın gəzdi. Gəlib qırxıncı otağa çatanda öz-özünə dedi: “Görəsən burada nə sirr var ki, Oxay bu otağın açarını vermədi? Mən gərək buranı açıb baxam, görüm içəridə nə var ki, Oxay onu belə göz bəbəyi kimi qoruyur”. Əhməd bu fikirlə qıfılı sındırıb içəri girdi. Gördü ki, qırxıncı otaq onun gördüyü otaqların hamısından seçilir. İçəridə hər nə varsa hamısı zil qaraya bürünüb. Yerə cürbəcür xalılar, gəbələr döşənib. Hamısı da zil qara. Ev tamam almaza tutulmuş şəvə kimi qara qablarla, güldanlarla, şamdanlarla bəzənib. Evin lap başında qara mərmər taxtın üstündə almaz kimi işıq salan bir qız üzüqoylu uzanıb ağlayır. Səsə qız başını qaldırıb baxdı. Əhməd gördü ki, bu elə qızdı ki, yemə, içmə, xətti xalına, gül camalına tamaşa elə. Alma kimi yanaqları, lalə kimi dodaqları, saçlar qara, qaşlar qara, gözlər qara. Mərmərdən inci dişlər, ağ buxaqdan cücü dişlər, gəl məni gör, dərdimdən öl. Əhməd qızı görən kimi bir könüldən, min könülə ona aşiq oldu. Gözəllikdə Əhməd qızdan heç də geri qalmırdı. Qız da Əhmədi görən kimi onun gözəlliyinə valeh olub, ürəyində ona məhəbbət bağladı. Bir xeyli götür-qoydan sonra Əhməd qızdan soruşdu: -Ey nazənin sənəm, bir məni agah elə, görüm sən kimsən, nəçisən, bu qara otaqda tək-tənha neyləyirsən? Qız dedi: -Ey oğlan, bil və agah ol ki, bura mənim başımın tükü sanı qədər igidlər, pəhləvanlar gəlib, mən heç birisinə sirr açmamışam. Görürəm ki, mərifətli, qabiliyyətli adama oxşayırsan, odur ki, sənə sirr açıram. Mən Oxayın qızıyam. Bu gördüyün qalaça atamındır. Özü də yeddiqat sehrli tilsimdir. Mənim bu qara otaqda olmağımın səbəbi odu ki, atam başımın tükü sanı adamları aldadıb bura gətirib onlara zülm eyləyir. Mən onlara kömək eləməyim deyə, hər yeni adam gətirəndə məni tilsimləyib bu otağa salır. Mən də dərddən-qəmdən bu otağı qara bəzəyib içində oturaram. Qız dərdini söyləyə-söyləyə Əhmədlə eşiyə çıxdı. Qalaçanın dörd tərəfini gəzə-gəzə Əhmədə dedi: -Əhməd, qalaçanın qabağındakı bu bağçaya qırmızı bağça deyirlər. Burada hər nə əksən qırmızı rəngdə çıxar. Atam bu bağçada o qədər baş kəsib ki, ağaclar, çiçəklər, otlar su əvəzinə qan içib. Odur ki, burada hər nə bitsə qırmızı rəngdə olur. Qalaçanın o biri tərəfinə keçib vəhşi heyvanları gördülər. Qız dedi: -Bu gördüyün heyvanların hamısı insan idilər. Atam bunları tilsimləyib heyvan şəklinə salıb. Sonra gəlib qalaçanın o biri tərəfindəki od-alova baxdılar. Qız dedi: -Əhməd, bu gördüyün od-alov atamın öldürdüyü adamların ah-naləsindən, qəzəbindən əmələ gəlib. Axırda onlar gəlib dəryanın qırağında dayandılar, qız dedi: -Bu dərya günahsız ölənlərin göz yaşlarından əmələ gəlmişdir. Görürəm sən yaxşı oğlansan, sənə yazığım gəlir. İstəmirəm atam səni də bunların gününə salsın. Sənə bir neçə məsləhət verəcəyəm, onları yadında yaxşı saxla. Oxay adamları gətirib əvvəlcə oxudur, gündə onlara bir tilsim öyrədir. Aradan doxsan doqquz gün keçəndən sonra onları imtahan eləyir. Yaxşı bilənləri öldürür, korazehinləri qurda, quşa, heyvana döndərir, heç nə bilməyənləri buraxır. İndi sən atam öyrətdiyi tilsimlərin hamısını yaxşı öyrən. Amma imtahan eləyəndə hər nə soruşsa denən bilmirəm. Ancaq bu yolla onun əlindən qurtara bilərsən. Qız Əhmədlə sağollaşıb yenə öz otağına çəkildi. Əhməd isə bundan sonra özünü daha da ehtiyatla aparmağa başladı. Qızın dediyi kimi Oxay hər gün Əhmədə bir cür heyvan cildinə girməyi öyrədirdi. Doxsan doqquz günün içində Əhməd hər şəklə düşməyi öyrəndi. Vaxt tamam olanda Oxay Əhmədi imtahan elədi. Ondan hər nə xəbər aldısa Əhməd dedi: -Usta, yadımdan çıxıb, heç nə bilmirəm. Oxay Əhmədə hədə-qorxu gəlib bir xeyli döydü, bərkə-boşa çəkdi: -Ədə, zalım oğlu, mən sənə bu qədər zəhmət çəkmişəm, heç biri yadında qalmayıb? Əhməd dedi: -Usta, görmürsənmi heç nə bilmirəm, bir şey bilsəm, canımı qurtarardım da! Oxay həqiqətən də Əhmədin heç nə bilmədiyinə arxayın oldu və onu sağ-salamat atasına təhvil vermək qərarına gəldi. Bir neçə gün sonra Oxayın Əhmədin atasına verdiyi vədə tamam oldu. Əhmədin atası bulağın başına gəldi, doyunca sudan içib “Oxay” dedi. Oxay da Əhmədi götürüb bulağın başına gətirdi, atasına dedi: -Ay qardaş, havayı əziyyət çəkib oğluna yaxşı molla gəzmə. Oğlun əfəlin biridir. Nə qədər elədim, heç nə öyrənə bilmədi. Mənə belə aciz uşaq lazım deyil. Al apar, bundan oxuyan olmaz. Kişi oğlunu götürüb kor-peşman evlərinə tərəf üz qoydu. Əhməd sevindiyindən bilmirdi neyləsin. Bir az gedəndən sonra yolda atasına dedi: -Ata, sən qabaqda get, mən bu saat gəlirəm. Kişi razı oldu. Əhməd ayaq saxlayıb bir kolun dalına girdi. Cildini dəyişib bir axsaq turac oldu. Başladı atasının qabağından bir o tərəfə, bir bu tərəfə qaçmağa. Kişi çox əlləşdi, amma turacı tuta bilmədi. Turac gedib yenə həmin kolun dibinə girdi. Əhməd yenə adam şəklinə düşüb qayıtdı atasının yanına. Atası dedi: -Oğul, mən səndən heç yarımadım. Səni oxutdum ki, bir mirzə olasan, qazanıb gətirəsən, mən də rahat oturub yeyəm. fərasətsiz çıxdın, oxumadın. İndicə qabağımda bir axsaq turac var idi, nə qədər əlləşdim tuta bilmədim. Heç olmasa yanımda olsaydın, onu tutub kəsərdik. Bir günlük azuqəmiz olardı. Atasının bu sözünə Əhmədin gülməyi tutdu. Kişi dedi: -Bala, niyə güldün, burada gülməli nə var? Əhməd dedi: -Ata, darıxma, sonra gülməyimin səbəbini deyərəm. Yazıq kişi daha nə bilsin ki, Əhməd bütün elmləri, tilsimləri öyrənib. Özünü yoxlayırmış. Əhməd dedi: -Ata, heç darıxma, sən deyən olacaq, sən evdə oturacaqsan, mən qazanıb səni dolandıracağam. Kişi dedi: -Ay oğul, axı sən məni nə ilə dolandıracaqsan? Əhməd dedi: -İndi ki, belə oldu, buradaca deyim, sən də bil. İndi mən bir yaxşı at olacağam. Aparıb məni yüz manata satarsan. Amma məbada yüyənimi satasan ha! Əgər səni aldadıb yüyəni alsalar, onda bir daha mənim üzümü görməyəcəksən. Əhməd sözünü deyib qurtaran kimi bir yaraşıqlı köhlən ata döndü. Atası atı çəkə-çəkə apardı düz bazara. At o qədər qəşəng idi ki, üstündə dava düşdü. O dedi mən alacağam, bu dedi mən alacağam. Axırda bir qolu zorlu çıxıb atı kişidən yüz manata aldı. Atı alan nə qədər yalvar-yaxar elədisə də kişi yüyəni satmadı. Bu pulnan onlar bir xeyli dolandılar. Artıq kişi oğlundan razı idi, dolanışıqları da qaydasına düşmüşdü. Günlərin birində bunların pulları qurtarmışdı. Əhməd yenə at şəklinə düşdü. Atası atı satmaq üçün bazara çıxardı. Bu dəfə atı alan bir hündürboylu bir dərviş kişini üzdən-gözdən salıb yüyəni də zorla aldı. Sən demə, bu dəfə atı alan Oxay imiş. Kişi evə gələndə Əhmədin sözləri yadına düşdü. İkiəlli başına qapaz vurub dedi: -Ay haray, indi mən nə eləyim?! Niyə yüyəni əlimdən verdim?! Mən bir də Əhmədin üzünü görməyəcəyəm. Kişi burada tək-tənha qalmaqda olsun, görək Əhmədin başına nə gəldi. Əhməd at cildində başını qaldırıb gördü ki, yüyəni öz ustasının əlindədir. Oxay Əhmədi çəkə-çəkə öz qalaçasına gətirdi. Atın yüyənini qızına verib dedi: -Bunu saxla, qoyma qaçmağa, gedim qılıncı gətirim, başını kəsək. Qız baxıb gördü ki, bu Əhməddir. Atası onu bu dəfə sağ buraxmayacaq. Qızın bir tərəfdən Əhmədə yazığı gəldi, bir tərəfdən də ürəyində ona məhəbbəti var imiş. Açıq-aşkar onu buraxmağa da atasından qorxurdu. Odu ki, yüyənin altını çəkib boşaltdı, astadan Əhmədə dedi: -Əhməd, yüyəni boşaltmışam, başını bircə dəfə tərpətsən açılacaq. Atam gələndə başını tərpədib qaçarsan. Qız sözünü qurtarmışdı ki, Oxay əlində sıyırma qılınc gəlib dayandı atın qabağında, dedi: -Əhməd, bu yaşa çatmışam, hələ məni aldadan olmayıb. Amma sən aldatdın, dedin ki, heç nə bilmirəm. Sən demə, dərsini əzbərdən bilirmişsən. Oxay bunu deyib qılıncı çəkdi ki, Əhmədin boynunu vursun. At başını yuxarı qaldıranda yüyən yerə düşdü. O saat Əhməd bir sehr oxuyub bir dəli ceyran oldu, başladı meşələrlə, dağlarla qaçmağa. Oxay qılıncı yerə atıb bir sehr oxudu, oldu mahir bir ovçu. Ox-yay götürüb düşdü ceyranın dalına. Ceyran qaçdı, ovçu qovdu, dağlar aşdılar, dərələr keçdilər. >>> |
|||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||