Əlifba
Yeniliklər
Qonaq xəritəsi
Qonaq kitabı
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
Google
 
Birinci səhifə
 
 
 
 
Əbdürrəhimbəy Haqverdiyev
Çeşmək
2
 
    Bir neçə gün Əhməd bəyi dindirən olmur. Bir gecə yatdığı zaman, görür qapını bərk çırpırlar. Qapını açıb görürlər açıqkəndli Səməd yüzbaşıdır.
    - Səməd yüzbaşı, bu gecəyarısı xeyirdirmi?
    - Əhməd bəy buraya düşüb?
    - Bəli!
    - Ona deyin ki, onda Mahmud bəyin çeşməyi var, versin. Sabah gərək buradan poçta salıb göndərim.
    Əhməd bəy dəli kimi yerindən qalxır.
    - A gədə, həpənd uşağı, mən çeşmək oğrusu idim?
    Səməd yüzbaşı da hər adamdan söz saxlayan deyil. Cavabında deyir:
    - Həpənd oğlu sən özünsən. Mahmud bəy kimi dağdan ağır kişi məgər yalan yazır; yainki mən uşağam ki, bu gecəyarısı iyirmi verst at sürdürəm? Çox danışmaq lazım deyil. Dinməz-söyləməz çeşməyi bu saat ver. Yoxsa almamış yaxandan əl götürmərəm.
    Bir qədər də köftgudan sonra, Səməd yüzbaşı çağırırlar evin içinə. Yorğan-döşək verirlər, yatır. Sübh Əhməd bəy deyir:
    - Səməd yüzbaşı, məndə çeşmək-filan yoxdur. Bəlkə səhvən götürüb evdə qoymuş olam. Oğluma yazaram tapıb aparıb versin.
    Beləliklə bir növ onu sakit edib yola salırlar. Xülasə, Əhməd bəy Tiflisə gedir, çeşmək istəyirlər, Gəncəyə gedir, həmçinin, Bakıya, həmçinin. Axır labüdd qalıb baş götürüb Türküstana qaçır. Burada iki il qalır. Daha Türküstanda onu dindirən olmur. İki ildən sonra yenə qayıdır Qafqaza, şəhərə getməyib, Aclar kəndinə gedib Abbas bəyin evinə düşür.
    Qış gecələrinin birində Əhməd bəy və Abbas bəy buxarı kənarında əyləşib turac kəbabı yedikləri halda, görürlər qapı açıldı. Bir nəfər başı, gözü sarıqlı girdi içəri. Bu adam başlığını başından açınca tanınmır. Sifəti açılanda görürlər ki, bu, sövdəgər Məşədi Dadaşın qardaşı Ələkbərdir.
    Ələkbər hərçi istəyir salam versin, soyuqdan dili tutulduğundan bacarmır. Ev sahibi qalxıb tez onun qolundan tutub, gətirib buxarının qırağında əyləşdirir. Bir azdan sonra Ələkbərin dili açılır. Ev sahibi soruşur:
    - Ay Ələkbər, bu qiyamətdə nə düşübdür sənə bir belə yol at sürüb gəlmisən? Xeyirdirmi?
    Ələkbər dili güclə söz tutaraq, ancaq bu cavabı verə bilir:
    - Çe... çe... çe... çeşmək!
    Bu keyfiyyət Əhməd bəyi bilmərrə halətindən çıxardır. Qalxır, başlayır otaqda o baş-bu başa getməyə:
    - Rəhmətlik oğlu! Zarafat bir gün olar, bir ay olar, bir il olar. Tiflisə qaçdım, olmadı, Türküstana qaçdım, olmadı... Mən başımı götürüb dünyadan da ki, qaça bilmərəm.
    - Ələkbər, qadan alım, Mahmud bəyi tanıyırsan. Budur iki ildən artıqdır, mənimlə bir çeşmək zarafatını başlayıb, sabah bu soyuğa baxmayaraq birbaşa gedərəm şəhərə, özü ilə görüşüb bu məsələni qurtararam.
    Ələkbər heç vədə inanmazdı ki, Mahmud bəy kimi bir möhtərəm adam, bu qışın qiyamət günündə ona on-on beş verst yol at çapdırsın; nədir, mənim Əhməd bəylə zarafatım var. Yəqin etdi ki, həqiqət Əhməd bəy onun çeşməyini götürübdür və indi də ki, şəhərə gedir. Yəqin hesablaşar.
    Səhər Əhməd bəy çay içib şəhərə rəvan oldu.
    Mahmud bəy günorta, nahar etdiyi zaman bir də gördü ki, Əhməd bəy qapıdan girdi. Onun qabağına gedib həmişəki kimi başladı çırtıq vurub, atılıb oynamağa, amma gördü ki, Əhməd bəy donmuş adam tək durub, bunun hərəkətinə cavab vermir. Birdən Əhməd bəyin gözündən yaş cari oldu və dedi:
    - Ay canım, belə də zarafat olarmı? Bir-iki dəfə zarafat etdin, kifayətdir. Bütün dünyanı mənim başıma dəng etmisən. Mən bədbəxtdən nə istəyirsən? Səni and verirəm balalarının canına, atanın goruna, bir yerdə yediyimiz duz-çörəyə. Daha məndən əl çək. Qoy rahat gora baş aparım.
    Mahmud bəy söz verdi ki, bundan sonra onunla işi olmasın. Ancaq dedi:
    - Sən buradan gedəndə dedin: nə bilirsən elə! Mən də bildiyimi elədim. Əlimin suyunu sənə göstərdim. Bundan sonra and olsun oğlumun canına, çeşmək sözünü dilimə də gətirmərəm. Gəl öpüşək, barışaq.
    Mahmud bəy və Əhməd bəy qucaqlaşıb öpüşdülər və əyləşib bir yerdə nahar etdilər.
Əhməd bəy getdi.
    Mahmud bəy, doğrudur, bu gündən ondan əl çəkdi, daha çeşmək sifarişini ona etmirdi. Amma bu əhvalat cəmi şəhərə yayılmışdı. Dükanlarda, bazarda, yığıncaqlarda ancaq Mahmud bəy ilə Əhməd bəyin çeşmək əhvalatından başqa bir söhbət yox idi.
    Əhməd bəy bundan da diltəng olub həmişəlik xanənişin olub altı-yeddi sənə evindən çıxmadı. Şəhərdə belə danışırdılar ki, Əhməd bəy xəbti-dimağ1 olub. Doğrudur, bunu öz ailəsindən sivay görən yox idi, amma hamı bunu doğru bilirdi.
    Axır günlər, Əhməd bəy evinin üstündə çəkilən səlat, onun vəfat xəbərini şəhər əhlinə yetirdi.
    Camaat hər yerdən dəstə-dəstə onun təşyii-cənazəsi üçün cəm oldular.
    Əhməd bəyin nəşinin üstündə hamıdan çox ağlayan və “qardaş vay” – deyib başına döyən Mahmud bəy idi. Dostunun dəfni üçün hətta Mahmud bəy yüz manat da para verdi.
 
 
1Başına hava gəlib.
 
1 2
 
 
 
Birinci səhifə
 
 
 
Nəsr Şer Xalq nağılları Təmsillər Atalar sözü və məsəllər Tapmacalar Mahnılar
Bayatılar Yanıltmaclar Nəğmələr
 
 
Copyright @ 2003-2007 Leyla Babazade. All rights reserved.