|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
| Əbdürrəhimbəy Haqverdiyev | |||||||||||||||||
| Çeşmək | |||||||||||||||||
| 1 | |||||||||||||||||
| Şəhərimizdə
məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq
bir vücud idi. Əhalidən, hər ürəyi darıxan,
istəyəndə ki, bir qədər kefi açılsın,
gedərdi Mahmud bəyin söhbətinə və həqiqət
onun yanında əyləşənlər iki-üç
saat dünyada qeydini yadından çıxarardı. Mahmud
bəyin mənzilində lətifələr danışıb
gülməkdən sivay bir iş olmazdı. Şəhərin
cəmi zəriflərinin yığıncağı Mahmud
bəyin mənzili idi. Bunu da qeyd etməliyəm ki, iş
vaxtında hər bir kənar söhbəti atıb ciddi
işə məşğul olardı. Şəhərin
ən qabil advokatlarından sayılardı. Mahmud bəy kitaba və qəzetə aşiq bir adam idi. Çox gözəl bir kitabxanası var idi və Rusiyada çıxan qəzetlərin zübdələrinə həmişəlik abunəçi idi. Hər vaxt gəlsə idin, masasının üstünü qəzetlərlə dolu görərdin. Dost, aşnalar çox vaxt onun yanına xüsusən qəzet oxumağa gedərdilər. Mahmud bəyin əziz dostlarından Mirzə Əhməd, bir gün əyləşib, gözündə Mahmud bəyin çeşməyi, bir-iki saat qəzet oxuyandan sonra durub xudahafiz edib gedir. Əhməd bəy gedəndən sonra, Mahmud bəy çeşməyi masanın üstündə görməyib, güman edir ki, Əhməd bəy çeşməyi səhvən özü ilə aparmış ola. O saat nökəri, Əhməd bəyin dalınca çeşməyi gətirmək üçün qaçırdır. Lakin nökər gedəndən sonra, Mahmud bəy qəzetləri aralayıb çeşməyi qəzetlərin altından tapır. Nökər gəlib Əhməd bəyin qapısını döyür, Əhməd bəy çıxır: - Qapı döyən, kimsən? - Mənəm, Abbasqulu. Mahmud bəyin nökəri. - Nə var, Abbasqulu! Xeyirdirmi? - Xeyir olmamış nə var. Bəyin çeşməyini götürmüşsünüz. Ağam deyirdi versin. - Get ağana deyilən: qabaqca bir masasının üstünü axtarsın, sonra səni göndərsin. Çıx get. Məndə çeşmək-filan yoxdur. Nökər qayıdıb əhvalatı ağasına yetirir. Mahmud bəy hərçənd çeşməyi tapmışdı, bununla belə, təfrih üçün dostu Əhməd bəyi bir növ dilxor etmək fikrinə düşür. Pəncərənin qabağında durub küçəyə baxarkən, gördü Əhməd bəyin oğlu Mehdi gedir. O saat dayandırır: - Mehdi, sən allah, evə çatan kimi atana deginən mənim çeşməyimi göndərsin. Mehdinin dalınca Əhməd bəyin qonşusu tarzən Qulunu görür. - Qulu, mən ölüm, Əhməd bəyin qapısından keçəndə onun darvazasını taqqıldat. Deginən mənim çeşməyimi səhvən aparıb. Onu göndərsin. Xülasə, o gün üç-dörd adamdan və sabahı günü yenə də bir dörd-beş adamdan sifariş edib Əhməd bəydən çeşmək istəyir. Üçüncü gün Əhməd bəy özü gəlir Mahmud bəyin evinə. Əvvəl bir az çırtıq çalıb oynayır, sonra deyir: - Sabah gedirəm vağzala, oradan da o yana gedirəm. Hər nə bilirsən bundan sonra elə! Bir-iki stəkan çay içəndən sonra Əhməd bəy durub gedir. Mahmud bəy əyləşib, Əhməd bəy gedəsi yolda olan cəmi dost-aşnalarına məktublar yazıb, haman axşam yola düşən faytonlarla göndərir. O biri gün Əhməd bəy bir fayton tutub şəhərdən çıxır. Birinci mənzilə çatan tək baqqal Kosa Baxşalı gəlir: - Əhməd bəy, salaməleyküm. - Əleykəssalam, kefin necədir? - Niyə, sizin dövlətinizdən... Şəhərdən çıxanda Mahmud bəyi görmədiniz ki? - Bir gün irəli görüşdük. Necə? - Heç, elə budur, mənə bir kağız yazıbdır ki, guya siz onun çeşməyini aparıbsınız. Yazır ki, sənin dükanının qabağından ötəcək; əlbəttə, mənim çeşməyimi ondan alıb göndərəsən! Əhməd bəy, ovqatı təlx olmuş, cavab verir ki, qardaş, Mahmud bəy mənimlə zarafat edir. Yazginən ki, çeşməyi masanın üstündə qoyub gəlmişəm. Kosa Baxşalı inanar-inanmaz gedir. Faytonçu atlara bir az arpadan, sudan verib qoşub yola düşür. İki-üç saat yol getmiş, görür ki, bir atlı daldan sürətlə “dayan, dayan!” – qışqıra-qışqıra gəlir. Faytonçu dayanır, atlı yetişir. - Faytonda Əhməd bəy deyilmi? - Bəli! - Salaməleyküm. Bağışlayın, Əhməd bəy! Sizi yoldan elədim. Sizdə Mahmud bəyin çeşməyi var. Yazıbdır ki, kor kimi qalmışam. Nə kitab oxuya bilirəm, nə də yazı yaza bilirəm. Əhməd bəy yəqin sizin evin yanından ötəcək. Mənim çeşməyimi ondan alıb bir adam ilə göndərəsən. Əhməd bəy and içib bunu da inandırır ki, bu, zarafatdır. Onda çeşmək yoxdur. İkinci mənzildə Əhməd bəy faytondan düşüb bir nəfər aşnasını görmək üçün bazara gedir. Nalbənd Paşa at ayağına mıx çaldıqda bunu görüb əlini saxlayır: - Bağışlayın, siz Əhməd bəy deyilmisiniz? - Mənəm, necə? - Mahmud bəy kağız yazıb, onun səndə çeşməyi var, zəhmət olmasa, ver, gedən adam var, göndərim. Əhməd bəy qeyzdən daha özünü saxlamayıb deyir: - Mahmud bəy də qələt eləyir, sən də. Rəhmətlik uşağı, qoymazsınız yolumuzla gedək cəhənnəmə? - Bəy, haraya gedəcəksən, get, sözüm yoxdur; daha mənim təqsirim nədir, üstümə qeyzlənirsən? Vermirsiniz, yazaram ki, vermədi. - Yazgilən vermədi! - Baş üstə! Əhməd bəy nalbənd Paşadan ötüb aşnasının dükanına gəlir. Aşnası əvvəl bununla görüşdükdə Mahmud bəyin çeşməyini istəyir. Əhməd bəy çatır vağzala. Karvansaranın qabağında dayanan tək, karvansaraçı Qurbanov gəlib salam verib “xoş gəldin” deyəndən sonra Mahmud bəyin çeşməyini istəyir. Əhməd bəy bunu da başa salır ki, bu, Mahmud bəy tərəfindən yoldaşlıqda bir zarafatdır. >>> |
|||||||||||||||||
|
|||||||||||||||||
![]() |
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||