|
|||||||||||||||||
|
|||||||||||||||||
|
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
| Abdulla Şaiq | |||||||||||||||||
| Məktub yetişmədi | |||||||||||||||||
| 1 | |||||||||||||||||
| 1 | |||||||||||||||||
Qışın
dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi.
Göylər matəmlilər kimi, qara çarşaba bürünmüş,
dağlar, çöllər ağ kəfənlə örtülmüşdü.
Küçələrdə koma-koma duran qarlar üzərində
qarğalar qorxaq baxışlarla gəzinirdi. Qalın palto,
isti paltar geyinmiş adamlar bəzəkli və isti mənzillərindən
çıxıb piyada, ya arabalar içində rahat-rahat
küçələrdən keçirdilər. Bu dondurucu
qış, bu sərt soyuq onlar üçün əyləncədən
başqa bir şey deyildi. Dünyada bütün səfalət və fəlakət yalnız insanlığın yoxsul qisminə nəsib imiş! Qurban Şeytanbazar ucunda məktub yazan həmşəhərlisi Molla Fərzəlinin yanında oturmuş, soyuqdan əlləri, üzü bozarmış, bir əli ilə köhnə və yırtıq paltarının açıq yaxasını tutaraq, o biri əli ilə də ayaqlarına buz kimi yapışan yırtıq çustunun palçığını təmizləyə-təmizləyə: -Molla, mənə bir məktub yaz! Bilirsən ki, hər il sənə nə qədər xeyir verirəm. Vətəndən gəldiyim bir il olmaz, ancaq bununla sənə beş məktub yazdıraram, - dedi. Molla Fərzəli soyuqdan donmuş əllərini ovuşdurdu. Əsnəyə-əsnəyə bir kağız parçasını dizi üstünə alaraq: -Həmşəri, nə yazılacaq? - dedi. Qurban Molla Fərzəliyə bir az da yaxınlaşdı. Gizli bir söz söyləyirmiş kimi fısıldayaraq: -Molla, əvvəlcə məndən uşaqların anasına salam yaz, - dedi. - Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzimdən öpsün, onlardan göz-qulaq olsun. Sonra yaz ki, mən də, şükür allaha, sağ və salamatam. Qulamrza ilə sizə on beş manat göndərdim. Bayramqabağı yenə göndərəcəyəm: uşaqlar korluq çəkməsinlər, özüm də yazın axır ayında gələcəyəm. Molla Fərzəli qələmi mürəkkəbə batırıb yazmaq istədi. Mürəkkəb qatı olduğundan yazmadı. Molla ağzının suyundan bir damla mürəkkəbə damızdırıb qarışdırdıqdan sonra yazmağa başladı. Qurban döşü açıq arxalığının və köynəyinin arasından görünən, soyuğun təsirindən dik-dik durmuş qıllarını arxalığının yaxalığı ilə örtüb, sümüklərinə qədər nüfuz edən soyuqdan yumaq kimi büzüşərək dedi: -Molla əmi, yaman adamın quyusunda işləyirəm, quyu indi otuz sajından aşağı enib, nə qədər yalvarırıq. "Ay ağa! Haqqımızı bir az artır; aşağı getmək çox çətindir, neftin, qazın iyindən nəfəs tutulur", zalım oğlu razı olmur. "Əvvəlki şərtimizlə qazacaqsınız, yoxsa haqqınızı verməyəcəyəm" deyir. Molla, burada pul qazanmaq çox çətindir. Sənin peşən yaxşıdır. Gündə beş-on kağız, dörd-beş dua yazsan, bəsindir. Allah bərəkət versin. Daha nə istəyirsən? Molla Fərzəli qələmi qələmdana qoydu, divarın deşiyindən iki barmağı arasında bir qədər torpaq alıb, məktubun üstünə tökərək quruda-quruda cavab verdi: -Həmşəri, uzaqdan döyüş adama asan gəlir. Mənim sənətim bildiyin qədər də yüngül deyil. Qış, yaz küçə başında müştəri yolu gözləməkdən adamın gözlərinə qaranlıq çökür. Elə gün olur ki, bir nəfər də müştəri gəlmir. Qarnını ovuşdura-ovuşdura qalırsan. Molla əbasına bərk sarındıqdan sonra məktubu Qurbana oxudu. Qurban mollanın ağzından çıxan kəlmələri yeyəcəkmiş kimi ağzını açmış, diqqətlə onu dinləyirdi. Sonra üzündə, gözlərində sevinc qığılcımları uçuşaraq: -Molla, Qulamhüseynə də salam yaz, - dedi. - Yaz ki, mən gəlincə uşaqlardan göz-qulaq olsun, yazsın görüm bizim qızıl inək dururmu? Kor yabını satıb, ya yox? Bir də yaz ki, gələndə Anaxanıma güllü-güllü dəsmal, Məmişə də qırmızı köynək gətirəcəyəm. Molla Fərzəli məktubu yazıb bitirdikdən sonra büküb zərfə qoydu və üzünü Qurbana tutub: -Həmşəri, zərfin üzü kimin adına olacaq? - deyə soruşdu. Qurban əli ilə boynunu ovuşdura-ovuşdura: -Hə, molla! Yaz ki, Qurbanın uşaqlarının anasına yetişəcək. Molla zərfin üzünü yazıb Qurbana uzatdı. Qurban məktubu alıb sevincək iki əli arasında diqqətlə baxdıqdan sonra qoynuna qoymaq istədi. Məktub əlindən yerə düşdü. Məktubu tez götürdü. O yan-bu yanını təmizləyib yenidən qoynuna qoydu. Kisəsini çıxarıb, iki şahı mollanın ovcuna sıxaraq: "Al, həmşəri! Bayramqabağı genə məktub yazdıracam, məndən sənə çox xeyir çatacaq", deyib qalxdı. >>> |
|||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||
| Birinci səhifə | |||||||||||||||||
|
|||||||||||||||||
|
|||||||||||||||||